AZLIQDA AZLIQ


Mən dördüncü sinifdə olanda, iptidai sinif müəllimim Gürcüstanın nə qədər rəngarəng bir ölkə olduğundan bəhs edirdi. Ancaq, zaman keçdikcə anladım ki, Gürcüstan heç də rəngarəng bir ölkə deyil.
Buna ən böyük nümunə olaraq, etnik azlıqların hər gün yaşadığı diskriminasiyanı göstərmək olar.

Ötən ilin iyul ayında, əsasən etnik mənsubiyyəti Azərbaycanlı olan Gürcüstan vətandaşlarının haqlar uğruna mübarizə aparan və mənim də üzvü olduğum bir təşkilatda, təşkilat üzvlərimizdən birinin halı qəfil pisləşdi və təcili yardım çağırdıq. 1 Saat gözlədikdən sonra, təcili yardım briqadası aqressiya və qeyri-etik bir münasibət ilə ofisimizə gəldi. Gecikməyə və bu cür münasibətə görə təşkilat üzvləri həkimlərə irad bildirdi. Bundan sonra briqada üzvləri daha da aqressivləşməyə başladı və xəstənin müayinəsi zamanı haradan olduğumuzu soruşdu, bizim cavabımız təbii ki, “Gürcüstan vətandaşıyıq” oldu.
Müayinədən sonra, getdikləri zaman, bayırda həkimlərdən biri, üzvlərimizdən birinə, “Öz ölkənizə nə vaxt getsəniz, ordakı həkimlərə qarşı belə tələbkar olun” dedi.
Tbilisinin mərkəzində gürcü dilini tam bilən gənclər üçün reallıq, əgər belədirsə, regionlardakı etnik azlıqlara mənsub vətəndaşlar üçün bunun nə qədər ağır və dözülməz reallıq olduğunu təsəvvür edə bilərik.

Bu ölkədə azlıq olmaq çox çətindir, bu, hər gün yeni bir mübarizə deməkdir. Ancaq azlıq olmaqdan da çətin bir şey var, o da azlıqda azlıq olmaqdır.

LGBT haqları uğrunda mübarizə, necə ki, digər ölkələrdə, eləcə də Gürcüstanda da heç bir zaman asan olmadı. Bu gün Gürcüstanda lgbt haqları uğrunda mübarizə aparan təşkilatlar var, ancaq bunun burada yaşayan etnik azlıqların lgbt nümayəndələri üçün elə də bir şey ifadə etdiyini deyə bilmərik. Reallıqdır ki, etnik azlıqlarda dil barieri var. Dil barieri, hansı ki, çox zaman azlıqların lgbt nümayəndələri və bu təşkilatlar arasındakı münasibətə manie olur və həmin fərdlər bu təşkilatlardan dəstək ala bilmir.

Gürcüstan kəndlərində hələ də Gürcü dilinin öyrənilməsinə ciddi diqqət yetirilmir, dövlət tərəfindən də Gürcü dilinin öyrədilməsi üçün genişmiqyaslı bir şeylər edilmir və bu da öz-özlüyündə dil barierinin yaranmağının ən böyük səbəblərdən biri olur. Dil bariyerinə görə də zorakılıq, haqsızlıq görən lgbt fərdlər, ölkədəki lgbt haqaları uğruna mübarizə edən təşkilatlara müraciət edə bilmirlər. Sadəcə lgbt fərdlər deyirəm, çünki bu gün etnik azlıqların arasında qadın haqları, uşaq haqları, dini azadlıqlar və ətraf mühitin mühafizəsi kimi problemlər üçün mübarizə aparan təşkilatlar var, ancaq lgbt haqları üçün çalışan heç bir təşkilat yoxdur və bu da lgbt-lərin haqq mübarizələrində tək qalmaqlarına səbəb olur.

Lagodexidən olan Murad, onikinci sinifə qədər məktəbdə sinif yoldaşları ona hər gün cinsi orientasiyasına görə zorakılıq etdiyini və bir müddətdən sonra artıq məktəbə getmək istəmədiyini, oradan və bütün sinif yoldaşlarından zəhləsi getdiyini deyir. Murad, bir neçə dəfə sinif yoldaşlarını məktəb direktoruna şikayət etsə də, məktəb bu haqda heç bir şey etməyib. Murad, bir müddət məktəbdən tamamilə uzaq qalıb, yaşadıqlarını kimə şikayət edəcəyini bilməyib və dil barieri olduğu üçün də heç bir təşkilata müraciət edə bilməyib.

Kuirlərin haqlar üçün çalışan təşkilatlarla münasibət qura bilməməklərinin mənfi yanlarından biri də, Gürcüstanda etnik Azərbaycanlılar arasında lgbt haqda məlumat o qədər azdır və ya yalnışdır ki, kütlənin böyük hissəsi bir yana, kuirlər də özlərini tapmaqda, tanımaqda və kim olduqlarını qəbul etməkdə zorluq çəkirlər və ya qəbul etmirlər və bu da çox zaman xoşbəxt olmayan bir həyat yaşamaqlarına yol açır.

40 yaşlı Ayşə deyir ki, 22 il evli qaldıqdan sonra anlayır ki, o, əslində həmcinslərinə qarşı da çəkim hiss edir və bu onun üçün çox yad və qorxuducu bir şey olur. Ayşə günlərcə depresyadan çıxa bilmir, daha sonra araşdırma edir və özünü yavaş-yavaş qəbul edir.

Dmanisidən olan Azər isə, ötən ilin 5 iyul hadisələrindən sonra kuir bir fərd olduğunu anlayır. Azərbaycandilli xəbər başlıqlarında lgbt sözünü görən Azər, bu haqda araşdırma edir və özünün gey olduğunu anlayır. Ancaq o, hələ də bunu qəbul edə bilmədiyini deyir.

Əgər Gürcüstanda kuir fərdsinizsə və xüsusilə də etnik azlıqlar arasında bir kuir fərdsinizsə, anlamalısınız ki, bu sizin üçün hər gün davam edən bir mübarizə demək olacaq. Burada problem sizin orientasiyanız deyil. Problem, cəmiyyətin sizə “azlıqda azlıq” olaraq yaşayacağınız bir həyat verməyidir.
Dəyişikliklər mübarizə istəyir. Bu o qədər asan deyil, ancaq imkansız da deyil.
LGBT olaraq atdığınız hər addım, bir mübarizədir. Özünüzü tapın və bununla qürur duyun, varlığınızın qürurunu sonuna qədər yaşayın. Sevgi, elə sevgidir!
Rahib Seyidli